Elşən Əliyev ABADçı kimi

Bizim milli mətbəx ölkə xaricində belə tanınır və sevilir. Mətbəximizə aid  təamları daha əlçatan etmək üçün isə zamanın tələbinə uyğunlaşmaq, onları müasir və rahat qablaşdırmada təqdim etmək şərtdir.

Milli mətbəximizin incilərindən sayılan ləvəngi günümüzdə ən sevilən təamlardan biridir. “Ləvəngi”  talış dilində “içi doldurulmuş” deməkdir. Bu sözün digər mənası isə qoz, soğan və lavaşanadan (alça turşusu) ibarət qiymədir. ”ABAD”çı Elşən Əliyev “Hazıra Nazir” brendi altında elə ləvəngi içliyinin istehsalı ilə məşğuldur:

“Mən 1986-cı ildə Lerik rayonunda anadan olmuşam. Ticarətin iqtisadiyyatı və idarə olunması ixtisası üzrə ali təhsil almışam. 10 ildən çox müddətdə, müxtəlif şirkətlərdə satış meneceri kimi təcrübə topladıqdan sonra hazırda direktoru olduğum “Hazıra Nazir” şirkətini qurdum. Adımızdan bəlli olduğu kimi niyyətimiz istehlakçıların yemək, ələlxüsusus da ləvəngi bişirmək prosesini asanlaşdırmaqdır. Məşhur “Arşın mal alan” filmindən olan fikri parafraz etsək, bir “Hazıra Nazir” bankası, bir toyuq və 5 manat pul. Vəssalam, şüttamam!”.

Elşən Əliyevin dediyinə görə, “Hazıra Nazir” şirkəti bir ildir ki fəaliyyətdədir. İlk olaraq sosial şəbəkələr vasitəsi ilə müştərilərə online sifarişlər əsasında çatdırma həyata keçirməyə başlayıblar. Getdikcə artan sifarişlər məhsulun marketlərə çıxışı zərurətini yaradıb:

“Bu istiqamətdə iş və araşdırma apararkən “ABAD” haqda öyrəndik. Məlum oldu ki, “ABAD” yerli sahibkarlara dəstək olur, şərait yaradır. Qarşımıza qoyduğumuz məqsədə çatmaq üçün “ABAD”la əməkdaşlığın verəcəyi təkanla  daha geniş kütləyə çata biləcəyimizi hesaba alaraq əməkdaşlıq üçün müraciət etdik. Bir sıra görüşlərdən sonra, bu əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağı qənaətinə gəldik və münasibətləri rəsmiləşdirdik”.

“Hazıra Nazir” şirkətinin əsas məqsədi xüsusilə hazırlanması çətin olan və vaxt tələb edən ləvəngi içliyini sərfəli və əlçatan etməkdir. İçliyin hazırlanma prosesi hamıya məlum olsa da, əsl ləvəngi dadını almaq çətindir. Bunu nəzərə alaraq, xanımların heç bir əziyyət çəkmədən dadlı, hazır ləvəngi əldə etməsini asanlaşdırdıq. Biz qida təhlükəsizliyi qaydalarına riayət etməklə, yalnız yerli məhsullardan istifadə etməklə tam steril, gigiyenik və 100 faiz təbii məhsul istehsal edirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir